Gündəm

QƏDİR-XUM HADİSƏSİ

Allahın Rəsulu (səllallahu əleyhi və alihi və səlləm) hicrətin onuncu ilində həccə gedəcəyini bildirdi. Müsəlmanlardan ibarət böyük bir dəstə bu İlahi ayinin icrası və o həzrətə yoldaşlıq etmək üçün Mədinə şəhərində toplaşdı. Bu, Allah Rəsulunun (səllallahu əleyhi və alihi və səlləm) Mədinəyə hicrətindən sonra gedəcəyi ilk həcc ziyarəti idi. Nə ondan qabaq, nə də ondan sonra belə bir həcc olmamışdı. Bu həcc müxtəlif adlarla tarixə düşmüşdür. Onlardan aşağıdakıları göstərmək olar: “Həccətul-İslam” (İslamın həcci), “Həccətul-vida” (Vida həcci), “Həccətul-bəlağ” (Təbliğ həcci), “Həccətut-təmam” (Tamamlayan həcc). Şənbə günü zilqədə ayının iyirmi dördü, ya da iyirmi beşi həcc məqsədi ilə piyada Mədinə şəhərini tərk etdi. Bütün xanımlarını və ailə üzvlərini kəcavələrdə yerləşdirmişdi. Bütün ailə üzvləri, mühacirlər və ənsar, digər ərəb qəbilələri də bu səfərdə o həzrəti müşayiət edirdi.¹

Allahın Rəsulu (səllallahu əleyhi və alihi və səlləm) həccə yola düşdüyü vaxt Mədinə əhalisinin çoxu suçiçəyi və qızılca xəstəliyinə tutulmuşdu. Buna görə də bir çoxları o həzrətlə həccə getmək şərəfinə nail ola bilmədi. Buna baxmayaraq çox böyük bir insan kütləsi onunla birlikdə Mədinədən hərəkət etdi. Bəzi tarixçilər Peyğəmbərlə birlikdə hərəkət edənlərin sayının 100 min, bəziləri 114 min, bəziləri 120 min, bəziləri 124 min nəfər, bəziləri isə daha çox olduğunu qeyd etmişlər. Bunlar sadəcə Allah Rəsulu (səllallahu əleyhi və alihi və səlləm) ilə birlikdə hərəkət edənlərin sayıdır. Məkkədə olanları, habelə Yəməndən həzrət Əli (əleyhissalam) və Əbu Musa ilə gələnləri də onlara əlavə etsək, onda həccə üz tutan hacıların sayı qeyd olunan rəqəmdən daha çox olacaq.²

Allahın Rəsulu (səllallahu əleyhi və alihi və səlləm) həcc əməllərini yerinə yetirdikdən sonra Məkkəyə gəldiyi camaatla Mədinəyə geri dönərkən zilhəccə ayının on səkkizi, cümə axşamı² Cöhfə (Mədinə, Misir və İraq camaatının yollarının ayrıldığı yer) yaxınlığında yerləşən Qədir-xum çölünə çatdıqda Cəbrail (əleyhissalam) aşağıdakı ayəni Peyğəmbərə gətirdi: “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərrindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz.”³ Allah-taala bu ayə ilə Öz Rəsuluna (səllallahu əleyhi və alihi və səlləm) Əli ibn Əbutalibi (əleyhissalam) xalqa İmam olaraq tanıtmasını və vilayət haqqında nazil olanı, onlara təbliğ etməsini əmr etdi. Eyni zamanda ona itaət etməyi hər kəsə vacib buyurdu.

Həcc əməllərini tamamlayaraq geri dönən müsəlmanların qayıdanlarından ən qabaqda gedən dəstə Cöhfəyə yaxınlaşdıqda Allahın Rəsulu (səllallahu əleyhi və alihi və səlləm) qabaqda gedənlərin geri dönməsini, geridə qalanların isə bu bölgədə onlara çatmalarını əmr etdi. O bölgədə olan, bir-birinə yaxın beş böyük ağacın altında həmin ərazi təmizlənənə qədər oturmağı qadağan etdi. Zöhr vaxtı qızmar havanın şiddətindən camaat öz əbalarının bir ucunu ayaqlarının altına, digər ucunu da başlarına atdı. İslam Peyğəmbərinin (səllallahu əleyhi və alihi və səlləm) rahatlığı üçün çadır quruldu və kölgəlikdən ötrü çadırın üstünə budaqlar yığıldı. Nəhayət, zöhr namazı üçün azan çəkildi, daha sonra Allahın Rəsulu (səllallahu əleyhi və alihi və səlləm) camaatla birlikdə oradakı ağacların altında namaz qıldı. Namazı bitirdikdən sonra camaat arasında,⁴ kəcavələrdən hazırlanmış kürsünün üzərinə çıxaraq⁵ hər kəsin eşidəcəyi şəkildə yüksək bir səslə belə buyurdu: “Həmd-səna yalnız Allaha məxsusdur! Yalnız Ondan kömək diləyir, Ona sitayiş və təvəkkül edirəm! Pis və yaramaz əməllərdən Ona pənah aparıram! Elə bir Allah ki, Ondan başqa heç bir hidayət edən, yol göstərən yoxdur! Onun hidayət etdiyini heç kəs zəlalətə sala bilməz. Şəhadət verirəm ki, Ondan başqa heç bir məbud yoxdur. Mühəmməd də Onun bəndəsi və peyğəmbəridir. Ey insanlar! Yaxın zamanlarda Rəbbimin dəvətinə “ləbbeyk” deyərək sizin aranızdan gedəcəyəm. Mən də məsuliyyət daşıyıram, siz də məsuliyyət daşıyırsınız!” Sonra buyurdu: “Mənim barəmdə necə fikirləşirsiniz? (Sizin qarşınızda vəzifəmi layiqincə yerinə yetirdimmi?)” Camaat uca səslə: “Şəhadət veririk ki, sən öz İlahi vəzifəni layiqincə yerinə yetirib səy göstərdin. Allah sənə xeyir mükafat versin!”-deyə cavab verdi. Peyğəmbər buyurdu: “Şəhadət verirsinizmi ki, aləmin pərvərdigarı yeganədir, Mühəmməd Onun bəndəsi və peyğəmbəridir?! (Eləcə də şəhadət verirsinizmi ki,) Cənnət, Cəhənnəm, ölüm, qiyamət və Allahın ölüləri yenidən dirildəcəyi haqdır?” Camaat cavab verdi: “Bəli, şəhadət veririk.” Allahın Rəsulu (səllallahu əleyhi və alihi və səlləm) buyurdu: “İlahi Sən də şahid ol!” Daha sonra əlavə etdi: “Mənim sözlərimi aydın eşitdinizmi?” Səhabələr: “Bəli”-deyə cavab verdilər. Sonra həzrət buyurdu: “Mən o biri dünyaya və hovuzun kənarına getməkdə sizi qabaqlayacağam. Siz də hovuzun kənarında mənim yanıma gələcəksiniz. Mənim hovuzumun genişliyi Səna ilə Busra¹ arasında olan məsafə qədərdir. Orada ulduzların sayı qədər qızıldan qədəhlər və camlar vardır. Görüm məndən sonra sizin aranızda qoyacağım iki qiymətli və dəyərli əmanətlə necə rəftar edəcəksiniz?!”² Bu zaman bir nəfər ayağa qalxıb uca səslə soruşdu: “İki dəyərli əmanət dedikdə nəyi nəzərdə tutursunuz?” Həzrət buyurdu: “Biri Allahın kitabıdır ki, insanın Allah ilə əlaqə vasitəsidir. Ondan möhkəm yapışın ki, yolunuzu azmayasınız. Digəri isə mənim əhli-beytimdir. Allah mənə xəbər vermişdir ki, bu ikisi hovuzun kənarında mənim yanıma gələnə qədər heç vaxt bir-birindən ayrılmayacaqdır və mən də Allahdan istəmişəm ki, heç vaxt kitab və itrət bir-birindən ayrılmasın. Odur ki, onlardan (Quran və itrətimdən) qabağa keçməyin, hər ikisinin göstərişlərinə əməl etməkdə səhlənkarlıq etməyin, əks halda ziyana uğrayacaqsınız!” Bunu deyib Əli ibn Əbutalibin (əleyhissalam) əlindən tutaraq o qədər yuxarı qaldırır ki, hər ikisinin qoltuğunun altı görünür. Onu camaata təqdim edərək buyurur: “Möminlərə onların özlərindən daha yaxın olanı kimdir?” Camaat: “Allah və Peyğəmbəri daha yaxşı bilər!”-deyə cavab verdi. Peyğəmbər buyurdu: “Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam – onlara özlərindən daha üstün və daha layiqəm! Mən hər kəsin mövlasıyam-sa, bu Əli də onun mövlasıdır.”

Allahın Rəsulu (səllallahu əleyhi və alihi və səlləm) bu cümləni üç dəfə, Hənbəli məzhəbinin imamı Əhməd ibn Hənbələ görə isə dörd dəfə təkrar etdi. Sonra əllərini qaldırıb belə dua etdi: “İlahi, Əlini sevənləri sev, onun düşmənləri ilə düşmən ol! Ona məhəbbət bəsləyənlərə məhəbbət bəslə, ona kömək edənlərə kömək, onu xar edənləri xar et! O, harda olsa, haqqı onunla bir yerdə qərar ver!” Daha sonra isə buyurdu ki, burda olanlar bu sözləri burada olmayanlara da çatdırsınlar.

(Camaat hələ dağılışmamış) Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) buyurdu: “Ey camaat! Elə indi vəhy mələyi nazil olub bu ayəni gətirdi: “Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı bəyəndim.”¹ Daha sonra Allahın Rəsulu (səllallahu əleyhi və alihi və səlləm) belə buyurdu: “Allahu əkbər! Allaha şükür edirəm ki, Öz ayinini mənim nubuvvətim və Əlinin məndən sonrakı vilayəti ilə kamil etdi, Öz nemətini tamamladı.” Bunun ardınca orada olan insanlar ard-arda Əlini (əleyhissalam) təbrik etməyə başladılar. Əbu Bəkr və Ömər Hz. Əlini (əleyhissalam) ilk təbrik edən kəslər olmuşlar. Onların hər biri: “Bu məqam sənə mübarək olsun, ey Əbu Talibin oğlu! Sən, bütün mömin kişi və qadının mövlası oldun”-deyərək həzrəti təbrik etdilər. İbn Abbas: “Vallah Əlinin bu vilayəti hər kəsə fərz oldu”– dedi.

¹ İbn Səd, “ət-Təbəqat”, c.3, səh. 225; Muqrizi “əl-İmta”, səh. 510; “İrşadus-sari”, c.6, səh. 429

² “Əs-Sirətul-Hələbiyyə”, c.3, səh. 283; “Sirətu Əhməd Zeyni Dəhlan”, c.3, səh.3; ibn Cauzi “Tarixul-xuləfə”, c.4; “Təzkirətu xəvassil-ummə”, səh. 18; Fərid Vəcdi, “Dairətul-maarif”, c.3, səh. 542

² Bərra ibn Azib və digər ravilərin Qədir-xum haqqında nəql etdikləri hədislərdə “cümə axşamı” ifadəsi xüsusi qeyd olunmuşdur. Bu haqda daha ətraflı məlumat veriləcək.

³ “Maidə” surəsi, 67-ci ayə

⁴ Heysəmi, “Məcməuz-zəvaid”, c.9, səh. 156

⁵ “Simarul-qulub”, səh. 511

¹ “Maidə” surəsi, 3-cü ayə

Mənbə:Ayətullah Əllamə Şeyx Əbdülhüseyn Əhməd Əmini

Əl-Ğədir kitabı ,1-ci cild