Psixoloji dəstək

Kin-Küdurət: İnsanın Əxlaqi Səadətinə Zərbə Vuran Ruhi Xəstəlik

Ruhi xəstəliklər arasında kin-küdurət qədər insanı əxlaqi dəyərlərdən uzaqlaşdıran və həyatını çətinləşdirən başqa bir bəla yoxdur. Qorxunc qəzəbdən doğan kin-küdurət insanın asayişini pozur, onu bədbəxtliyə sürükləyir və çox hallarda ruhi iztirab və sarsıntıya səbəb olur. İnsana bir an gəlir ki, daxili böhranı azalmış, qəzəb alovu sönmüş kimi görünür. Lakin həmin sönmüş alovun altında gizlənən köz istənilən vaxt yenidən alışaraq, insanın səadətini və rahatlığını bir an içində oda çəkib külə döndərə bilər.

Əfv və güzəşt necə ki, əzəmət, birlik və sülhün nişanəsidir, kin-küdurət də xudpəsəndlik, hərc-mərclik və qalmaqalın təzahürüdür. Düşmənçilik bəzən daxili həyəcanları sakitləşdirmək məqsədi daşısa da, nəticədə insanı daha böyük iztirablara sürükləyir. Çünki insanın başqalarından gördüyü zərər nə qədər böyük olsa da, bağışlamaqla o əzabdan qurtulmaq mümkündür. Lakin daxildəki kin və ədavət, zəhərli bir tikan kimi, daim insanı ağrıdır və əzab verir. Ədavət və düşmənçilik nəinki pislikləri aradan qaldırır, əksinə, vəziyyəti daha da ağırlaşdırır və ixtilafların kök atmasına səbəb olur. Belə hallarda isə insanda müdafiə və qarşıdurma hissi daha da güclənir.

Avropa alimlərindən biri belə deyir:

“Kin və düşmənçilik axmaqlıqdan doğur, xüsusilə də səbəbsiz olduqda. Bir çox məsələləri dostcasına həll edə bilərik, lakin özünüsevərlik buna mane olur. Bəzən günahsız olduqlarını bildiyimiz yaxın dostlarımızı belə özümüzdən uzaqlaşdırır və onlarla əlaqəni qırırıq. Doğrudanmı belə bir haqsızlığa yol vermək doğrudur?”

İmam Səccadın (ə) Gözəl Əxlaqı

Din rəhbərlərimizin həyat və davranışları bizə insaniyyət, şərəf və güzəşt dərsi verir. Onların gözəl əxlaqi keyfiyyətləri ən ali şəkildə təcəlli etmişdir.

Bir gün İmam Səccadın (ə) məclisinə bir şəxs daxil olaraq onu təhqir edir. İmam (ə) isə soyuqqanlıqla onun sözlərini axıra qədər dinləyir və heç bir cavab vermir. Sonra üzünü əshabına tutub buyurur:

 “Onun cavabını vermək üçün istərdim mənimlə gələsiniz.”

Əshab da onunla birlikdə həmin şəxsin evinə gedirlər. İmam Səccad (ə) həmin şəxsdən bayıra çıxmağı xahiş edir. Şəxs mübarizə gözləsə də, İmam Səccad (ə) ona gülərüzlə belə buyurur:

“Qardaşım! Əgər mənim barəmdə dediklərin doğrudursa, Allahdan özüm üçün bağışlanma istəyəcəyəm; yox, əgər səhv edibsənsə, Allahdan sənin bağışlanmanı diləyəcəyəm.”

Bu sözlər o şəxsi dərindən təsirləndirir, peşman olub göz yaşları axıdır və deyir:

“Siz, ey müqəddəs şəxsiyyət, mənim sözlərimdən uzaqsınız. Mənə belə nalayiq sözlər söyləmək yaraşmazdı.”

İmam Səccad (ə) bu davranışı ilə insanlara gözəl bir güzəşt dərsi verdi və həmin şəxsin həyatında da dərin dəyişikliklər yaratdı.

Əli əleyhissalamın Hikmətli Buyruqları

İmam Əli (ə) buyurur:

“Ən böyük eyb az güzəştə getmək, intiqam almağa tələsmək isə ən böyük günahlardandır.”

O, comərd insanların başqalarının nöqsanlarına göz yumduğlarını bildirərək belə buyurur:

 “Başqalarının nöqsanlarını görməzlikdən gəlmək və güzəştə getmək, ancaq comərd və güclü iradəyə malik olanların işidir.”

Qurani-Kərimdə Əfv və Güzəşt

“Nur” surəsinin 22-ci ayəsində Allah-Təala belə buyurur:

 “Əfv edib (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah bağışlayan və rəhm edəndir.”

“Fussilət” surəsinin 34-cü ayəsində isə oxuyuruq:

 “Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin) sən pisliyi yaxşılıqla dəf et! O zaman görərsən ki, aranızda düşmənçilik olan biri sənin yaxın dostuna çevrilər.”

Əfv və Güzəştin Əhəmiyyəti

Əfv və güzəşt insanın güc sahibi olduğu zaman daha dəyərli olur. İmam Sadiq (ə) bu xüsusiyyəti peyğəmbərlərin və saleh möminlərin xüsusiyyətləri arasında saymışdır:

 “Güc və qüdrət zamanı bağışlamaq, peyğəmbər və möminlərin sifətlərindəndir.” İmam Əli (ə) isə müxalifləri yaxşılıqla cəzalandırmaq və düşmənçilikləri sevgi ilə dəf etmək barədə belə buyurur: “Müxaliflərinizi yaxşılıqla cəzalandırın və onların düşmənçiliyini yaxşılıqla dəf edin.”

O həmçinin buyurur:

“Daşürəkli insanlar başqalarına kin bəsləyənlərdir.”

Kinli insanlar qəzəbli və rəhimsiz olur, zahirdə mülayim görünsələr də, daxilən təhlükəli bir vulkan kimi daşıyırlar. Onların ruhu daim ruhi sarsıntı və vicdan əzabı içində olur.

İmam Əli (ə) bu barədə də buyurur:  “Kinli insanların ruhu daim əzab çəkər, qəm-qüssə onlardan əl çəkməz.”

Deyl Karneginin Şərhi

Deyl Karnegi öz müşahidələrində qeyd edir: “Axşamı onunla bir mehmanxanada keçirdik və o, gecə boyu həm bizi, həm də özünü danlayırdı: ‘Niyə qoymadınız onun cavabını verim?’ O, güzəştə getdiyinə görə özünə əsəbləşirdi.”

Nəticə

İmam Əli (ə) belə buyurur:

 “Kin-küdurət qəzəb odunu şölələndirir.”

“Kinli insanlar səbəbsiz yerə belə qəzəblərini boşaltmadan rahatlıq tapmazlar.”

İnsan yalnız kin və küdurəti qəlbindən çıxardaraq mənəvi rahatlığa və daxili asayişə nail ola bilər. İmam Əli (ə) buyurur: “Kin və küdurəti yaddaşdan silməklə asayişə qovuşmaq olar.”

Əgər qəzəb və kin dərhal söndürülərsə, sonralar ruhi sarsıntıya və əsəb xəstəliklərinə səbəb olacaq problemlərin qarşısı alınar.

Əli (ə) belə buyurur:

 “Həsəd və kinin qəlbə yol tapmaması insanın xoşbəxtliyinin əlamətidir.”

Bununla yanaşı, İslam ictimai nizam və əmin-amanlığı qorumağa böyük əhəmiyyət verir. İctimai pozğunluğa səbəb olan hərəkətlərin qarşısı dərhal alınmalı və şəriət qanunları əsasında tədbirlər görülməlidir.

Mənbəsi.

Kitabın adı: ƏXLAQİ VƏ PSİXOLOJİ ÇATIŞMAZLIQLARIN ARAŞDIRILMASI

Müəllifi: SEYYİD MÜCTƏBA MUSƏVİ LARİ

Səhifəsinin sayı: 149

Kitabın say nömrəsi: 167

Leave a Reply