
İSLAM TİBBİ ADLI ELM VARMI ?
Allah insanın yalnız yaradanıdır, yoxsa onu həm də idarə edir?
-Uca Allah insanın yalnız yaradanı deyil, həm də onun Rəbbi – yəni idarə edəni, Rəzzaqı – yəni ruzi verəni, Təbibi – yəni şəfa verənidir və s. Bir sözlə, Allah – Təala insanı yalnız yaradıb və öz başına buraxmayıb; həm də onun, müvəqqəti dünya həyatında olan ehtiyaclarını daim təmin edir.
“Və yerdə sizin üçün müəyyən bir zamanadək sığınacaq və yaşayış vasitələri olacaqdır”. (Bəqərə 36)
Təbii ki, müəyyən bir müdətə, yəni Qiyamət gününə qədər yerdə məskunlaşmalı olan insan oğluna lazım olan yaşayış vasitələrindən biri də, onun xəstələndiyində istifadə etməli olduğu şəfaverici bitkilər və qidalar olmalıdır. Allahın bu ehtiyacı Öz bəndəsi üçün təmin etməməsi Onun ədalətinə ziddir. Özünün, Öz ayəsində buyurduğu kimi bəndəsinin Qiyamət gününə qədər bütün ehtiyaclarını təmin etmək Allahın üzərində bir vacibdir.
Bəs insan ona xeyir və ziyan edən, şəfaverici, ya ziyanvurucu vasitələri necə tanımalıdır?
İnsanın iki cəhəti var – maddi və mənəvi cəhəti. Müvəqqəti dünya həyatında onun hər iki cəhəti təmin olunmalıdır. Odur ki, Yaradan, insanın həm mənəvi halını, yəni hidayətini təmin edən, həm də cismani halını, yəni sağlamlıq yollarını ona öyrədən müəllimlə təmin etməlidir və etmişdir. Bunun əksi, Allahın ədalətinə ziddir. Bunun üçün Allah-Təala Öz xalis bəndələrindən olan məsum insanlar, yəni peyğəmbərlər və imamlar göndərmişdir ki, onların vasitəsi ilə bəndələrinin ehtiyacı olan istər mənəvi, istər maddi vasitələri onlara tanıtsın.
Tibb nədir?
İnsan anatomiyasını tanımaq, onun sağlam və xəstə halını öyrənmək, sağlam qalması üçün önləyici tədbirlər, diaqnozlar, xəstələndikdə istifadə olunacaq dərmanlar, həmçinin dərman düzəltmə texnikaları və s. tibbin əsas bölmələridir.
Son günlər Azərbaycan xalqına xitab edən ruhani libaslı biri meydana çıxıb “İslam təbabəti” adlı bir elm yoxdur” deyə iddia irəli sürdü. Buna görə də bu məsələni araşdırmağa və həqiqəti əziz xalqımıza bəyan etməyə ehtiyac yarandı.
Təbib: Salihə Kamilzadə.
