
Allah övliyalarının həyat yolu bütün insanlar üçün gözəl nümunədir. Bu ilahi şəxsiyyətlərin həyat təcrübəsindən daha səmərəli istifadə etmək üçün onları daha yaxından tanımaq lazımdır. Bu ilahi övliyalar insanın hidayət olması üçün bir növ Allah tərəfindən əta olunan gözəl nemətlər sırasındadır. Dövrümüzün belə dəyərli şəxsiyyətlərindən biri də Ayətullah Behcətdir. O, başqalarına nümunə olacaq insanlardan biridir.
Ayətullah Məhəmmədtağı Behcət 1913-cü ilin sonlarında Gilan əyalətinin dindar Fumən şəhərində dünyaya gəlmişdir. Ömründən 16 ay keçdikdə anası vəfat edir və o, uşaqlıqda yetimliyin acılığını dadır.
Ayətullah Məhəmməd Təqi Behcətin atası Kərbəlayi Mahmud Behcət Fumən şəhərinin etimadlı insanlarından idi və öz işlərindən əlavə xalqın problemlərini də həll edirdi. Mühüm sənədlər onun şahidliyi və təsdiqi ilə həyata keçirdi. O, ədəb və zövq əhli idi və böyük həvəslə Əhli – Beyt (ə) barəsində xüsusilə İmam Hüseyn (ə) haqqında şeir yazırdı. Aradan yarım əsr keçməsinə baxmayaraq, bu şeirlər hələ də o diyarın məddahlarının dillər əzbəridir.
Mənəviyyat yolçusu
Ayətullah Behcət mənəviyyat aləmində fitri istedada malik bir şəxsdir. Kiçik yaşlarından ismət və paklığa xüsusi diqqət yetirən, bəzən alimlərin namazlarında iştirak edən Behcət mənəvi halları ələ gətirməyə uşaq yaşlarından cəhd edərmiş.
Mənəvi yolun ilk çətinlikləri günəş xəlq olduğu vaxtdan onun şəfaverici şüalarının qarşısını almaq niyyəti də yaranmışdır. Yarasalar günəşin yandırıcı şüaları qarşısında aciz və kor olurlar. Bəzi insanlar da başqalarının ələ gətirdiyi bir çox məsələləri özləri dərk etmədiklərindən, inkar etməyə çalışırlar. Bu cür yanlış düşüncə tərzi cəmiyyətdə əsaslı problemlər yaratmışdır. Tarix boyu həqiqət nurunun dərkindən aciz qalaraq övliya və mərifət sahiblərini həlakətə və dar ağacına sürükləyən insanlar çox olmuşdur. Bu bəd xislətli adamlar İlahi arif Ayətullah Behcətin seçdiyi səadət yolunda da əngəl yaratmağa çalışmışlar.
Behcət elmi və mənəvi cəhətdən üstün olan böyük ustadlardan dərs almışdır. Bütün bunların onun hər tərəfli formalaşmasında əvəzsiz təsiri olmuşdur. Mənəviyyata daha çox ehtiyac duyulan bir zamanda Behcət kimi şəxsiyyətlər Allahın insanlara bəxş etdiyi böyük nemətlərdən sayılır. Onun bərəkətli ömrünün hər anından səmərəli istifadə edərək, belə gözəl nemətlərə görə Allaha həmd etməliyik. Allah-təala ona xas xüsusiyyət və zati istedad əta etmişdir. O fövqəladə iti zehnə malik bir insandır. İstər fərdi və ictimai, istərsə də siyasi məsələlərə özünəməxsus uzaqgörənliklə yanaşır. Elmi-ibadi işlərə qərq olan bir şəxsin belə dəqiq məsələlərə olan diqqəti və onu gözəl dərk etməsi, çoxlarına təəccüblü gəlir. Behcəti ibadət və ya tədris halında görən hər bir şəxs, onun siyasi-ictimai məsələlərə çox əhəmiyyət vermədiyini fikirləşər. Onu da qeyd edək ki, məni (Misbah Yəzdi) ictimai-siyasi məsələlərə əhəmiyyət verməyə təşviq edən şəxs Ayətullah Behcət olmuşdur. Tədris etdiyi vaxtlarda öz tələbələrinə bu haqda sifariş edib deyərdi:
“Elmi-mənəvi məsələlərə etiqadı olan hər bir şəxs siyasi-ictimai məsələlərə də ciddi yanaşmalıdır. Əks təqdirdə bir gün gələr cəmiyyətin siyasət işləri səriştəsiz insanların əlinə düşə bilər və islam cəmiyyətini azğınlığa sürükləyər.”
Behcətə xas əlamətlər
Öz mənəvi məqamını başqalarından gizlətmək Behcətə xas olan xüsusiyyətlərdən biridir. Çox nadir hallarda müqabilindəki şəxs onun danışıqlarından və ya rəftarından bu insanın möcüzəvi olmasını başa düşərdi. Onunla yalnız uzun illər yaşamış yaxınları onda gözə çarpan o əlamətləri qəti olaraq hiss etmişlər. Onun yanında dərs aldığımız vaxtlar, adətən biz (Misbah Yəzdi) hamıdan qabaq dərsə gələr və bir neçə dəqiqə ustadın əxlaqi söhbətlərindən faydalanardıq. Adətən, dərsə başlamazdan qabaq müxtəlif yollar və çox vaxt da dolayısı ilə bizləri nəsihət edərdi. Söhbətini həmişə bir tarixi hekayə ilə başlayar, nəql etdiyi tarixi əhvalatlar bizim ötən gündəki rəftarımızla çox bağlı olardı. Sanki, bütün dedikləri bizə aid idi. Rəftarımızda olan nöqsanı bir hədis və ya bir şəxs barəsində olan tarixi əhvalat vasitəsilə bizə bildirərdi. Bu dediklərimi başqaları da təsdiq edib deyirdilər ki, biz də eyni şeyləri öz həyatımızda təcrübə etmişik. Behcət qarşı tərəfin ehtiramını gözlədiyi üçün, onun səhvini birbaşa üzünə deməyib, sözünü dolayısı yolla çatdırardı. Çox vaxt onun nəql etdiyi hədislərdə hər kəs öz nöqsanını başa düşər, bu nəsihətin ona da aid olduğunu hiss edərdi. 45-46 il bundan əvvəl Behcətlə tanış olandan onun gündəlik xüsusi sübh proqramı var idi. O hər gün sübh azanından gün çıxana qədər Həzrət Məsumənin (ə) hərəmində ibadətlə məşğul olar və gündəlik “Cəfər Təyyar namazı” nı qılardı. Axşam çağı gün batmazdan əvvəl piyada gəzərək “Səfaiyyə” məhəlləsinə tərəf gedərdi. Axşam namazını Səfaiyyə ətrafındakı əkin sahələrinin kənarında–təbiətin qoynunda qılardı. Onu görmək istəyən dostlardan bəziləri namazlarını Behcətlə birgə qılar və onun namazdakı qəribə halını müşahidə edərdilər.
Dostlardan biri belə nəql edir: Bir dəfə Behcət şam namazını qılandan sonra buyurdu:
“Əgər yer üzündəki bütün padişahlar insanın ibadətdən necə ləzzət aldığını bilsəydilər, heç vaxt maddi ləzzətlər dalınca getməzdilər”.
Əhli-beyt yolunda olmaq və şəri qayda-qanuna (ədəb-ərkan) olan xüsusi diqqəti Behcətin tərbiyəvi üsulundakı mühüm xüsusiyyətlərdən biridir. Şəri ədəb-ərkan və Əhli-beyt yolunda olmaqda hamı eyni səviyyədə deyildir. Amma Behcətin öz həyat tərzində və rəftarında bu məsələlərə çox dəqiq yanaşdığı açıq-aşkar özünü büruzə verir. Hətta öz rəftarında elə incəliklərə diqqət edir ki, bunları vəsf etmək belə çox çətindir. Ata yurdundan irs olaraq ona kiçik bir mülk (torpaq sahəsi) çatmışdı. Bu torpaq sahəsində əkilən çəltik (düyü) ailəsinin illik düyü payının çox az bir hissəsini təmin edirdi. Həmin mülkdə əkilən düyüdən qonşulara və yaxın dostlara az da olsa pay verməyi heç vaxt yaddan çıxarmazdı İnqilab vaxtı baş verən bəzi hadisələrə görə yaxın dostlarımdan bir neçəsi şahın adamları tərəfindən həbs olunmuşdu. Ələ keçən mühüm sənədlər arasında mənim (Misbah Yəzdi) öz xəttimlə yazılmış bir neçə kağız da var idi. Dostların məsləhəti ilə bir müddət Qum şəhərindən çıxmalı oldum. Müsafirətdə olduğum vaxtlar hətta yaxın adamlarım belə mənim harada olduğumu doğru-düzgün bilmirdilər. Ailəmin yanında olmadığım müddətdə bir dəfə Behcət bir kisə düyü və bir miqdar pulu oğlu ilə xanımına verib bizim evə göndərmişdi. Oğlu küçənin başında durur və Behcətin xanımı düyü ilə pulu mənim ailəmə çatdırır. Mən bunu eşidəndə, əvvəl çox təəccüblənmişdim. Amma Quma qayıdandan sonra başa düşdüm ki, Behcət şəri adət-ənənəyə çox əhəmiyyət verdiyinə görə mən evdə olmadığım vaxt öz xanımını bizim qapıya göndəribmiş. Şəri qayda-qanuna görə əri müsafirətdə olan qadının qapısına naməhrəm şəxsin getməsi düzgün deyil. Ona görə də oğlu küçənin başında durubmuş ki, bu şəri məsələyə riayət olunsun. Onun o vaxtı ailəm üçün göndərdiyi pul elə də çox deyildi. Amma o öz imkanı daxilində və şəri qayda-qanuna dəqiq riayət edərək həmin əmanətləri bizim evə çatdırmışdır. Allah övliyalarının rəftar və danışıqda incəliklərə dəqiq riayət etməklərini bilməkdən əlavə, onları doğru-düzgün başa düşmək üçün insana böyük elm lazımdır.
Ayətullah Behcətin mənəvi-əxlaqi şəxsiyyətinin formalaşmasında Əllamə Qazinin çox böyük rolu və təsiri olmuşdur. Ustadın tələbəsinə etdiyi bu qəribə təsir mərifət əhlinə xasdır. Şiə aləminin fəxri, ibrətamiz həyat tərzi və Behcətin ustadı olan Ustad Qazinin şərhi-halını burada qeyd etməyi özümüzə borc bildik Əllamə Seyyid Mirzə Əli Qazi 1864-cü il zilhəccə ayının 13-ü Təbriz şəhərində elm və mərifət nuru ilə dolu bir ailədə dünyaya göz açdı. O, Mirzə Rəhim Təbatəbai ibn Mirzə Əhmədin oğlu, Mirzə Hüseynin oğludur ki, soy kökü həzrət Əliyə (ə) çatırdı. Atası Mirzə Hüseyn Qazi elm və mərifət əhli idi.
Bir gün çox imanlı dostlardan biri belə nəql edirdi:
“Bir dəfə Behcəti yuxuda gördüyüm zaman mənə tapşırdı ki, xanımına elm öyrət. Bir müddət keçəndən sonra gördüyüm yuxunu ona (Behcətə) danışanda, buyurdu:
“Qadının elm öyrənməyinin qarşısını almağa bizim heç bir haqqımız yoxdur ”.
Əgər elmin tədrisi qadınlara məhrəm olan şəxslər vasitəsilə olsa, daha yaxşıdır. Əsas məsələ qadınların vacibata əməl etmələridir. Əlbəttə, kişilərin də qadınlar kimi vacibata riayət etmələri çox mühümdür. Sonra belə buyurdu:
“Elm həyat deməkdir. Məgər qadını da həyatdan məhrum etmək olarmı?”
Bir dəfə tələbələrdən biri Behcətin yanına gedib deyir: Bizə əməl etmək üçün xüsusi dini tapşırıq verin. Behcət buyurur:
“Tapşırıq? Tapşırığa əməl edən hanı?”
Tələbə xahiş edir ki, heç olmasa bizə nəsihət və dua edin. O belə cavab verir: “Dua edirik. Dua ki, bir şey deyil.”
Tələbə yenə deyir: İndi də bizə bir tapşırıq verin. Behcət buyurur:
Sizə deyəcəyim tək bir kəlamı eşidin və qulağınızdan sırğa edin:
“Hara gedirsiniz gedin, amma günah etməyin”.
