Mürtəza Mütəhhəri
Mürtəza Mütəhhəri 1919-cu ilin fevralın 2-də Xorasan mahalının Fəriman şəhərində alim və inanclı bir ailədə dünyaya gəlib.
Mürtəza Mütəhhəri öz dövrünün problemlərini lazımınca başa düşüb araşdırmağı ba caran və eyni zamanda bütün varlığı ilə İslam dininə bağlı olan bir mütəfəkkir alim olmuşdur. Onun varlığında cəmləşən bu iki xüsusiyyət ona yaşadığı dünyanı dərk etmək, onda baş verən elmi-ictimai dəyişiklikləri vaxtında müşahidə edərək mövcud problemlərlə, ehtiyaclarla tanış olmaq və onların həlli yolunda var qüvvəsi ilə çalışmaq imkanı verirdi.
Mütəhhəri öz zəmanəsini dərindən tədqiq edərək onu lazımınca tanımağa çalışırdı. O, bu barədə özünün “Gənc nəslin yönləndirilməsi” adlı məqaləsində yazır:
“Biz hazırda çox mühüm bir sual qarşısında dayanmışıq. Yaşadığımız dövrdən, onda baş verən mühüm dəyişikliklərdən xəbərsizik.Bəzən haqqında əvvəlcədən lazımi qədər tədqiqatlar aparmadığımız mövzularla rastlaşırıq..”
Mütəhhəri bu məsələyə həddindən artıq diqqət yetirmiş, dövrünün problemlərini vaxtında və hətta bəzən vaxtından da qabaq analiz etməyi bacarmış və İslam dini baxımından bu məsələnin nə qədər əhəmiyyətli olduğunu dərk etmişdir. O, yüksək istedadı sayəsində İslam dininin sosioloji məsələlərinin öyrənilməsinin həddən artıq əhəmiyyətli olmasını başa düşmüşdür.
O bilirdi ki, müasir dövrün şübhələrinə keçmiş dövrlərin klassik izahları ilə cavab vermək mümkün deyil. Mütəhhəri “Dini mədrəsələrin müasir vəzifələri” adlı məqaləsində yazır:
“Əgər biz müasir dövrü səksən il bundan qabaki dövrlə müqayisə etsək, o dövrdə yaşayan cəmiyyətin bir növ qapalı cəmiyyət olduğunun şahidi olarıq.Həmin cəmiyyətdə ideoloji məsələlərin və ictimai anlayışların hamısı kənar yerlərdən deyil, dini mədrəsələr və ruhanilər tərəfindən verilirdi. O dövrdə, demək olar ki, yad fikirlərin xalq arasında yayılması mümkün deyildi..”
Artıq müasir dövrdə həmin tarazlıq pozulmuşdur və biz müntəzəm olaraq ibtidai-orta məktəblərdə, ali təhsil ocaqlarında, kütləvi informasiya vasitələrində, iclas və konfranslarda minlərlə yeni fikirlərin yayılmasının şahidi oluruq”.
Alim müasir dövrdə üzə çıxan şübhələrin anlayışla qarşılanmalı olduğunu, “şübhə”lərin “yəqin” üçün giriş funksiyası daşıdığını bildirmişdir.
“Görəsən, biz bu şəkk və tərəddüdlər burulğanından, şübhə və suallar hücumundan narahat olaraq təəssüflənməliyikmi? Mənim fikrimcə bu barədə nigaran olmağa heç bir əsas yoxdur.Şübhə yəqinin, sual vüsalın, iztirab isə rahatlıq və asayişin müqəddiməsidir.”
Mütəhhəri azsaylı alimlərdən idi ki, dövrünün tələbini, aktual olan məsələləri bilirdi və ömrünü bu yolda xərcləyirdi. Mütəhhəri bilirdi ki, səmavi dində cavabsız suallar yoxdur. Cavabsız qalan sualların, İslamın yalnış tanınmasının səbəbi məhz bu dinin himayəçisi olduqlarını iddia edən məsuliyyətsiz şəxslərdir.
Tarix şahiddir ki, o doğrudan da , bu yolda əlindən gələni əsirgəmədi, gecəsini gündüzünə qataraq çalışdı və ömrünü bu yolda fəda etdi.
Mürtəza Mütəhhərinin vəfatından sonra alimin dəyərli çıxışları onun varisləri tərəfindən kağız üzərinə köçürülərək kitab formasına salınmağa başlandı.
Daim cəmiyyətdəki nöqsanların islahı fikrində olan yorulmaz alim 1979-cu ilin may ayının 2-də sui-qəsd nəticəsində başından aldığı güllə yarası ilə şəhid edildi.
Mənbə: Mürtəza Mütəhhərinin kitablarından
