
Ailə intizamında ər-arvad münasibətlərində iki mühüm amil mövcuddur:
Birinci amil: İki nəfər arasındakı hakim qanunlar, yəni arvadın ərinə və ya əksinə olan münasibətlər.
İkinci amil: Birincidən daha mühüm və incədir: qarşılıqlı anlaşma, bir-birini düşünmək, mehribanlıq, səfa və səmimiyyət. Əgər evdə “mənimki” və “səninki” sözləri, yaxud “nə üçün?” və “nəyə görə?” kimi suallar qarşıya çıxsa, bütün bunlar qara nöqtəyə çevrilərək nəticədə yaşayışı pozacaqdır.
ÜRƏYİN QARALMASI
İmam Sadiq (əleyhis-salam) buyurur: “Hərgah, bir adam günah iş görsə, qəlbində qara bir nöqtə yaranar. İkinci günaha mürtəkib olduqda qəlbindəki qara nöqtə böyüyüb çoxalmağa başlayır, axırda bu qaraltı bütün qəlbi əhatə edir ki, bu surətdə insan heç vaxt nicat tapmayacaqdır. “Sonra onlar ki, pis əməllərə və bəd rəftara düçar oldular (yəni Allahın əmrindən çıxıb, günah etdilər), kafir oldular və Allahın ayələrini məsxərə edib, yalan dedilər…”
İlahi ayələrə yalan demək və onları məsxərə etməyin nəticəsi Allah buyuran günahlara düçar olmaq səbəbi ilə ürəyin qaralmasıdır.
AİLƏ MÜHİTİNİN POZULMASI

Ailə münasibətlərində qara nöqtə yaranarsa, ər və arvadın hər ikisi onu aradan qaldırmaq üçün məsuliyyət daşıyırlar. Məsum İmamların (əleyhimus-salam) hədislərində oxuyuruq: Əgər ailədə ixtilaf baş verərsə, dərhal onu aradan qaldırın və münaqişəni həll etməyincə və bir-birinizdən razı qalmayınca gecəni sübh etməyin. Kiçik və cüzi ixtilaflar üst-üstə toplanaraq ailədə böyük çətinliklər əmələ gətirir ki, bunun sonu ya boşanmaya, ya da əzab-əziyyətli yaşayış və acı həyatla qurtarır. Münaqişənin boşanma ilə sona yetməsi Allahın ən çox qəzəbləndiyi işlərdən biridir. Əgər yaşayış acı həyata səbəb olarsa, insan üçün işgəncəli zindandan belə pisdir. Hər iki halda övlad həyatının xətərə uğraması qətidir. Belə mühitdə böyüyən uşaqlar çox vaxt ruhi xəstəlik və ya müxtəlif günahlara düçar olacaqlar. Ərə getməkdə çətinlik çəkən, uşaq böyütməkdə, ailə saxlamaq bacarığı olmayan qızlar, həmçinin əsəbi, bəd əxlaq, mədəniyyətsiz, tünd və kobud xasiyyəti olan oğlanlar adətən bu cür ailələrdə böyümüşlər.
QADINLARDA BƏYƏNİLƏN SİFƏTLƏR
Qadında üç sifət: paxıllıq, qorxu və təkəbbür olmalıdır. İmam Əli (əleyhis-salam) qadınlara yaraşan sifətlər barəsində belə buyurur: “Qadındakı ən yaxşı sifətlər kişilərdə ən pis sayılan xasiyyətlərdir ki, təkəbbür, paxıllıq və qorxudan ibarətdir. Qadın təkəbbürlü olarsa, ərindən başqasına heç vaxt təslim olmaz. Həmçinin, əgər qadında paxıllıq sifəti olarsa özünün və ərinin malını qorumaqda ciddi cəhd göstərib çalışqan olacaqdır. Eləcə də, qadın qorxaq olarsa, qarşılaşdığı hər bir hadisədən qorxub hiyləgərlərin toruna düşməyəcəkdir. Lakin sadalanan bu sifətlər kişilər üçün bəyənilməmişdir. ”Qadının təkəbbürlü olması naməhrəm qarşısında olmalıdır, kişinin düşmən müqabilində mərd və təkəbbürlü olması kimi, qadının naməhrəm qarşısıdakı təvazökarlığının heç bir mənası olmayıb, əksinə düzgün yolu təkəbbürə malik olmasındadır. Qadınların naməhrəm qarşısındakı təbəssüm və təvazö etməsi əksər hallarda naməhrəmlərin sui-istifadələri ilə nəticələnmişdir. Qadınlar bacardıqca naməhrəmlə qarşılaşmamalıdırlar. Amma, əgər naməhrəmlə üzləşib danışmaq lazım gələrsə təkəbbürlü olub heç vaxt mülayim söhbət etməməlidirlər ki, şəhvətləri qarşısında aciz qalan kişilər tamaha düşməsinlər. Qeyd olunduğu kimi, qorxu qadınların bəyənilən sifətlərindən biridir. Qadın heç vaxt özünü qorxmaz və şücaətli göstərməməlidirki, başqalarının nəzər-diqqətini özünə cəlb etsin. Məsələn, gecə vaxtı təkbaşına evdən çıxması ilə hiyləgər və namərdlərin toruna düşməsi mümkündür ki, bu da irz-namusunun, abır-həyasının əldən getməsinə və bədbəxtçiliyə gətirib çıxara bilər. Bəyənilən qorxu qadının öz iffət və namusunu qoruduğu haldadır. Paxıllıq da qadın üçün bəyənilmiş sifətlərdən biridir. Çünki bu xüsusiyyət qadının ərinin malından muğayat olmasına, israfa yol verməməsinə səbəb olur.
Mənbə: Ayətullah Hüseyn Məzahiri “Ailə səadətinə necə nail olaq?”
