Həyalı, saleh, imanlı və əxlaqlı müsəlmanlar yetişdirmək.

Saleh, imanlı və əxlaqlı müsəlmanların yetişdirilməsi üçün İslam tərbiyəsindəki mühüm məsələlərdən biri də uşaqlara kiçik yaşlardan həya hissini aşılamaqdır. Təsadüfi deyil ki, Allah Rəsulu (Allahın ona və ailəsinə salavat və salamı olsun) buyurmuşdur:
«Həya imandandandır.» (Hədis)
Heç şübhəsiz ki, həyanın zahiri göstəriciləri içərisində geyim tərzi xüsusi yer tutur. Bu, həm valideynlərin övladları qarşısında nə cür geyinmələrində, həm də uşaqlara seçilən paltarın forma və xüsusiyyətlərində özünü biruzə verir.
Hər bir müsəlman ona məhrəm olmayan kəslər qarşısında geyimində Şəriətlə varid olmuş ədəblərə (hicab, gen, övrəti gizlədən, şəffaf olmayan geyimlər və s.) riayət etdiyi kimi ailə üzvləri ilə təklikdə qaldıqda da bir sıra qaydaları gözləməlidir. Bu da ailə atmosferinin təqva və həya ilə dolması baxımından mühümdür:
Şeyxlərdən biri belə buyurur:
Əri istisna olmaqla, qadına əmr olunur ki, hər kəsin yanında gen və (bədənini) örtən paltarlar geyinərək, övrət hesab olunan hissələrini gizlətsin».
Eləcə də kişinin zövcəsi istisna olmaqla digərlərindən gizlətməli olduğu bədən üzvlərinə dair alimlərimizdən biri belə demişdir:
«Fəqihlər kişinin övrətinin göbəklə diz arasındakı hissəsinin olduğunda həmrəydirlər.»
Aydın olur ki, tərbiyə prossesində uşaqlar üçün gözəl nümunə olmaq vacib şərtlərdən olduğundan, müsəlman valideynlərin ailə üzvləri yanında da həya hissini aşılayacaq geyimlərə üstünlük verməsi labüddür.
Bununla yanaşı balacalar üçün geyim seçərkən də ata-ana bir sıra qaydaları gözləməli, üzərinə düşən məsuliyyəti dərk etməlidir.
Baxmayaraq ki, İslamda övlad tərbiyəsi bütün erkən dövrlərdən başlamalıdır, bir çox müsəlmanları səhlənkarlıq göstərərək bunu körpənin hələ ağlının kəsməməsi, yaşının az olması ilə əlaqələndirərək, təxirə saldığının şahidi olmaq olar. Halbuki, düşünən, məsuliyyət hissini dərk edən hər bir valideyn bilməlidir ki, ağac əkərkən, pöhrəni yuxarı doğru boy atması üçün dirəyə sarımamaq onun əyri böyüməsinə gətirib çıxardığı kimi, uşağın da kiçik yaşlardan təlim olunmaması sonrakı dövrlərdə tərbiyədə ciddi çətinliklərə yol açacaqdır. Bu barədə belə bir kəlam da vardır:
«Uşağın özbaşına buraxmayaraq, kiçik yaşlarından islah edilməsi ən gözəl təlim üsullardandır. Əks halda zamanla pis vərdişlər onda möhkəmlənəcək, tərbiyə işi çətinləşəcəkdir.»
Həqiqətən də neçə-neçə müsəlmanlar öyrəşdikləri vərdişlərin çirkinliyini qəlbən dərk etsələr də, günah üzərində böyüdüklərindən, nəfsləri ilə mübarizə aparmaq onlar üçün çətin gəlir, qurşanıb həyatlarının bir hissəsinə çevrilmiş pis əməllərdən əl çəkə bilmirlər, beləliklə əməl dəftərləri günahlarla dolur. Allah onları və bizləri islah etsin. Amin!
Kiçik uşaqların geyimində Şəriət qaydalarının tətbiqinin dində ifratçılıq olub-olmaması barədə suala fəqihlərin ortaq cavabı belə olmuşdur:
«Uşaqlara kiçik yaşlardan gen və örtən paltar geyindirmək ifrat düşüncə tərzi deyil, əksinə həddi-büluğ yaşına çatdıqda Allahın buyurduğu qaydalara əsasən geyimə riayət etmək üçün İslami təlim prossesinin bir hissəsidir.»
Alimlərimizdən birinə uşaqlar üçün geyimdə hansı məqamlara diqqət edilməyinin lazımlığı barədə soruşduqda belə cavab vermişdir:
«Böyüklər üçün Şəriətdə qadağa gəlmiş bütün şərtlər uşaqların geyimlərinə də tətbiq edilir. Bu, üzərində canlı təsvirlər olan paltarlara, dar və açıq geyimlərə, kafirlərə bənzəməsinə, qız uşaqlarına oğlan məsələn, şalvar, şort və s. oğlan uşaqlarının isə qız kimi geydirilməsinə, oğlanlara qızıl əşyaların taxılmasına və ipək geyimə, eləcə də isbala (geyimin topuqdan aşağı düşməsinə) də tətbiq edilən ümumi qaydadır.»
