Fədəyin qəsbi

Həmçinin yoldaşı ilə birlikdə Fədəyi qəsb etmələri. Fədək Fatimənin əlində idi. Peyğəmbərin (s) sağlığında onun məhsullarından istifadə edirdi. Fatimənin əlində olduğu halda mülkiyyət hüququ üçün ondan şahid gətirməsini istədi, nə Fatimənin və nə də Ümmü Əymənin sözünü təsdiq etmədi. Halbuki Fədəyin Fatiməyə məxsus olduğunu (bizim bildiyimiz kimi) o da yəqin olaraq bilirdi. Sahib olduğu halda ondan şahid gətirməyi tələb etməsi və onu bu məsələdə ittiham əsla caiz deyildi. Camaat onun bu işindən məmnun oldular və onu təriflədilər. Dedilər: “Onu bu işi görməyə təqva və fəzilət məcbur etmişdir”.
Sonra pis işlərini gözəl göstərmək üçün sözlərindən dönüb dedilər: “Fatimənin heç vaxt haqdan başqa bir şey söyləmədiyini düşünürük və Əli də daim haqq olaraq şahidlik etmişdir. Əgər Ümmü Əymənlə birlikdə başqa bir qadın da şahid olsaydı Fədəyi ona verərdik“. Bununla cahillərin yanında hörmət qazandılar. Onlar kimdirlər və kim onlara əmr edib ki, hakim olub insanlara nəyisə verib və ya məhrum etsinlər?! Amma ümmət bu iki nəfərə mübtəla oldu. Onlar da özlərini haqları və savadları çatmayan bir işə daxil etdilər. Fatimənin (s.ə.) əlində olduğu halda yaşlı səhabə Fədəyi onun əlindən almaq istədikdə Fatimə (s.ə.) dedi: “Məgər bu (hazırda) mənim əlimdə deyil? Əlimdə olarkən heç vəkilim də yox idi! Həmçinin Peyğəmbər (s) sağ ikən onun məhsulundan mən istifadə etmirdimmi?!” Onlar dedilər: “Bəli”. Fatimə (s.ə.) dedi: “Bəs niyə mənim əlimdə olan bir şey üçün məndən şahid və dəlil istəyirsiniz?” Dedilər: “Çünki müsəlmanların qənimətidir. Əgər şahid gətirsən sənə verəcəyik. Əks halda təsdiqləməyəcəyik!”
Camaat onların ətrafında dayanıb eşitdiyi halda Fatimə (s.ə.) dedi: “Peyğəmbərin (s) verdiklərini geri qaytarmaqla bu işi yalnız bizə aid edirsiniz, yoxsa bütün müsəlmanlardan tətbiq edəcəksiniz? Ey camaat! Bu ikisinin görmək istədiyi işi eşidin. Əgər mən müsəlmanların əlində olan malların mənim olduğunu iddia etsəm, fikriniz necə olar? Bu zaman məndən şahid istəyəcəksiniz, yoxsa onlardan?” Onlar dedilər: “Əlbəttə ki, səndən istəyəcəyik”.
Fatimə (s.ə.) dedi: “Bəs müsəlmanlar mənim əlimdə olan bir şeyin onlara məxsus olduğunu iddia etsələr necə, onlardan dəlil və şahid istəyəcəksiniz, yoxsa məndən?” Səhhakın oğlu bunu eşidib qəzəbli halda dedi: “Bu müsəlmanların qəniməti və torpağıdır. Fatimənin əlindədir və onun məhsulunu yeyir. Əgər Peyğəmbərin bu qəniməti və onun hüququnu müsəlmanların arasından yalnız ona bağışladığına dəlil gətirsə, o zaman baxarıq!”
Fatimə (s.ə.) dedi: “Mənə yetər! Ey camaat, Allahı sizə şahid tuturam! Peyğəmbərin (s) “Qızım Fatimə Cənnət qadınlarının seyyidəsidir” dediyini eşitməmisiniz?!” Dedilər: “Allaha and olsun, bunu Peyğəmbərdən (s) eşitmişik”. Fatimə (s.ə.) dedi: “Məgər Cənnət qadınlarının seyyidəsi yalandan iddia irəli sürüb haqqı olmayan şeyi alarmı?! Məgər dörd nəfər mənim əxlaqsızlıq etdiyimə və ya iki nəfər oğurluq etdiyimə şahidlik etsə onların mənim əleyhimə olan sözlərini qəbul edəcəksiniz?”
Bu zaman yaşlı səhabə susurdu. Lakin Səhhakın oğlu dedi: “Bəli, sənə hədd cəzası da tətbiq edərik!”
Fatimə (s.ə.) dedi: “Muhəmmədin (s) dinində olmadığını təsdiq edirsənsə, o zaman yalan danışdın və rəzil oldun! Cənnət qadınlarının seyyidəsinin əleyhinə şahidliyi qəbul edən və ya ona hədd tətbiq edən lənətlənmişdir, Allahın Muhəmmədə (s) nazil etdiyinə qarşı kafir olmuşdur. Çünki “Allahın bütün pisliklərdən təmizlədiyi və pak etdiyi¹ şəxslər əleyhinə şahidliyin qəbul edilməsi əsla caiz deyil. Belə ki, onlar hər bir pislikdən məsumdurlar və hər bir əxlaqsızlıqdan paklanmışlar. Ey Səhhakın oğlu! Mənə həmin ayənin əhlindən danış! Əgər bir dəstə insan onlara və ya onlardan birinə şirk, küfr və ya əxlaqsızlıq nisbət versə, müsəlmanlar onlardan uzaqlaşmalı və onlara hədd tətbiq etməlidirlər?” Səhhakın oğlu dedi: “Bəli! Onlar bu barədə digər insanlarla eyni səviyyədədirlər!”
Fatimə (s.ə.) dedi: “Yalan danışdın və küfr etdin! Onlar bu barədə digər insanlarla bərabər deyillər! Çünki Allah onları qorumuş, onların məsumluğu və paklığı haqqında ayə nazil etmiş, onları bütün pisliklərdən uzaq tutmuşdur. Kim onların əleyhinə bir şeyi təsdiq etsə Allahı və Peyğəmbərini inkar etmiş olar”. Yaşlı səhabə dedi: “Ey Səhhakın oğlu! Səni and verirəm, sus!”
Axşam olduqda o ikisi Xalid ibn Vəlidin ardınca adam göndərdilər və dedilər: “Biz səninlə bir sirr bölüşmək və etibar etdiyimizə görə o işi sənə həvalə etmək istəyirik”.
Xalid dedi: “İstədiyiniz işi mənə tapşırın. Mən sizin qarşınızda mütiyəm!” Dedilər: “Nə qədər Əli sağdır, bu hakimiyyət və səltənətin bizə faydası olmayacaq. Bizə nələr söylədiyini və bizimlə necə rəftar etdiyini sən görmədin? Biz əmin deyilik ki, o gizlində bir dəstə insanı özünə tərəf dəvət etməyəcək və həmin insanlar da onun dəvətini qəbul edib bizə qarşı qiyam qaldırmayacaq. O, ərəbin ən şücaətlisidir. Biz ona qarşı gördüyün işlərə əl bulaşdırdıq və haqqımız olmadığı halda əmisi oğlunun hakimiyyətini əlindən aldıq. Həmçinin zövcəsini də Fədəkdən məhrum etmişik. Səhər namaz qılarkən onun yanında dayan. Qılıncın yanında olsun. Mən namazı bitirib salam verdikdə onun boyunu vur!”
Əli (ə) dedi: “Xalid ibn Vəlid qılıncını belində yanımda namaza başladı. Yaşlı səhabə namaza başlaşdı, ancaq qərarında tərəddüdə idi. Sanki peşman olmuşdu və nə edəcəyini bilmirdi. Günəş parlamağa az qalırdı. Birdən salamdan əvvəl “Sənə əmr etdiyim eləmə!” dedi və sonra namazı bitirdi. Xalidə dedim: “Nə məsələdir?” Dedi: “Namazı bitirdikdə sənin boyunu vurmağı mənə əmr eləmişdi!” Dedim: “Sən bunu edərdin?” Dedi: “Allaha and olsun, bəli! Edəcəkdim!”
Mənbə: Suleym ibn Qeys Hilali
Ali Muhəmmədin (ə) sirləri kitabından.
¹”Əhzab” surəsinin 33-cü ayəsinə işarə edilir.
