
Namaz
Məlumdur ki, müqəddəs İslam şəriətinin ən mühüm ibadətlərindən biri namazdır. Namaz dinin sütunu, möminin meracı, İslamın möhkəm dayağıdır. Namazın əhəmiyyətini vurğulayan Peyğəmbər (s) hədislərindən birini burada qeyd etmək yerinə düşərdi:
“Әgər namaz (Allah dərgahında) qəbul olunarsa, digər ibadətlər də qəbul olunar. Namaz qəbul olunmazsa, digər ibadətlər də qəbul olunmaz.”
Hədisdən bu nəticəyə gəlirik ki, hər hansı bir ibadətin qəbul olması, namazın qəbul olmasından asılıdır. Yəni, bütün şərtləri yerinə yetirilərək düzgün qılınan və qəbul olunan namaz, digər saleh əməllərin Allah dərgahında qəbula yetməsi üçün vasitədir. Deməli, namazı qəbula yetməyən bəndənin bütün əməlləri əhəmiyyətsiz olar. Elə bu səbəbdən də, hər bir insan qıldığı namaza, onun hissələrinə və düzgünlüyünə, həmçinin, bu namazın qəbul olması üçün vacib sayılan şərtlərə daha diqqətlə yanaşmalıdır. Bəndə dərk etməlidir ki, namaz yalnız Allah və Onun rəsulunun əmr etdiyi qaydalara müvafiq olaraq yerinə yetirilməlidir. Peyğəmbər (s) buyurub:
“Mənim yerinə yetirdiyim namazı nə cür görmüsünüzsə, siz də, namazınızı o cür yerinə yetirin.”

Səcdənin əhəmiyyəti
Hörmətli din qardaşım!
Səcdə – namazın mühüm hissələrindəndir. Həmçinin, namazda olan beş rükündən biridir. Bildiyiniz kimi, namazın hər rəkətində iki səcdə etmək vacibdir. Bu iki səcdəni bilərəkdən və ya səhv üzündən, yaxud yaddan çıxararaq tərk etmək namazı batil edər. Tarixdə qeyd edilir ki, bir qövm Peyğəmbərin (s) yanına gələrək İslama daxil olmaq istəyini o həzrətə bildirirlər. Belə bir şərt də irəli sürürlər ki, namazda rüku və səcdəni yerinə yetirmək istəmirlər. Peyğəmbər (s) onların bu formada qəbul etmək istədiyi “islamı” inkar etmiş və demişdir:
“Namazında rüku və səcdə olmayan bir dində xeyir yoxdur.”
Hədisdən göründüyü kimi, namazda olan səcdənin səhv, batil olması, namazın batil olması deməkdir.
Səcdə, məzhəblər arasında ixtilafa səbəb olan məsələlərdəndir. Aydın məsələdir ki, bu məzhəblərin “səcdə” barədə verdiyi rəylərdən yalnız biri düzdür, çünki Allahın nazil etdiyi hökm birdir.
Gəlin, görək qeyd olunan bu ixtilaf nədən ibarətdir? Bildirmək istərdik ki, səcdənin hansı qaydada yerinə yetirilməsi məsələsində fikir ayrılığı yoxdur. Bütün məzhəblər bədənin yeddi üzvünün – alın, əllərin içi, dizlər, ayağın baş barmağı, səcdə halında yerə qoyulmasını bildirmişlər. İxtilaf isə, “səcdə nəyin üzərinə edilməlidir?” – Sualına cavab ətrafındadır.
Hamını düşündürən də, elə məhz bu sualın düzgün cavabıdır: Görəsən, torpaq, çınqıl, daş, qaya, həsir və yer üzərindəki bitkilər (yeyilməyən və geyilməyən) üzərinə səcdə edilsə düzgün sayılar? – Yoxsa xalça, paltar, yun, kətan, neylon və bu kimi digər xam mallardan hazırlanmış şeylər üzərinə səcdə etmək daha münasibdir? Biz bu sualı Quran və Peyğəmbərin (s)
qoyduğu qayda-qanunu rəhbər tutaraq, cavablandırmağa çalışaq. Qeyd etmək lazımdır ki, Qurani-kərimdə səcdə məsələsinə açıq-aşkar şəkildə toxunulmayıb. Ona görə də, bu məsələ haqda Peyğəmbər (s) hədislərinə müraciət etməyimiz gərəkli və önəmlidir.
Səcdəni nəyin üzərinə etmək barədə nəql olunan, Peyğəmbər (s) hədisləri olduqca çoxdur. Biz bu hədislərdən bəzisini burada qeyd edəcəyik və onların qısa şərhini verməklə nəticə çıxarmağa çalışacağıq. Peyğəmbər (s) buyurub:
“Yer mənim üçün səcdə yeri , pak və təmizləyici olaraq müəyyən edilmisdir.”
(“Vəsailüş -şiə”, c 2 səh. 969.)
Bu hədisi bir çox alimlər, hədis hafizləri, öz mötəbər kitablarında qeyd etmiş və onun “mütəvatir hədis” olduğunu bildirmişlər. Ona görə də, həmin hədisin düzgün və hamı tərəfindən qəbul olunmasın da heç bir şəkk-şübhə yoxdur. Hədisin qısa şərhi belədir: Allah-taala yeri
Peyğəmbər (s), səhabələr və onun yolu ilə gedən hər bir kəs üçün qiyamətədək “məscid” qərar vermişdir. “Məscid” ərəb sözü olub səcdə edilən yerə, məkana deyilir. Hədisdən göründüyü kimi, səcdə yalnız yer üzərinə edilməlidir. Digər tərəfdən də, başa düşülür ki, İslam şəriətinə görə səcdə edilən yer torpaq, daş və bu kimi şeylərdən olmalıdır. Libas , əba və ya xalı, palaz və s. olmamalıdır. Çünki bu cür şeylər “yer” adlanmır. Deməli, “yer” adlanmayan əşyalar üzərinə edilən səcdəyə İslam şəriəti icazə vermir.

Adi bir misal: Әgər bir nəfərdən soruşsalar ki, xalça və ya parça “yer” hesab olunurmu? Sözsüz ki, bu şəxsin verdiyi cavab “yox” olacaqdır. Başqa sözlə desək, bir şəxsin xalça və ya parça üzərinə etdiyi səcdəyə heç bir vəchlə demək olmaz ki, bu şəxs “yer” üzərinə səcdə edir.
Qayıdaq yuxarıda qeyd etdiyimiz hədisə. Burada deyilir ki, yer mənim üçün səcdə qərar verildi. Hədisin zahirindən görünür ki, səcdə üçün nəzərdə tutulan məhz yerin özüdür, yer üzərinə döşənən əşyalar deyil. Həmçinin, lüğətə baxsaq görərik ki, “yer” kəlməsinə yalnız torpaq, daş, çınqıl və bu qəbildən olan digər əşyalar aiddir. Daha bir misal çəkək: Әgər bir nəfər “ayağım ilişdi, yerə yıxıldım” və ya “filan qiymətə yer aldım” – desə, məgər bu sözlərdən başa düşülərmi ki, “yer” dedikdə həmin şəxs yer üzərinə döşənəcək əşyaları nəzərdə tutur?
– Әlbəttə ki, yox! Bir sözlə, Peyğəmbər (s) hədisində bizə əmr olunur ki, səcdə “yer” üzərinə olmalıdır və “yer” məfhumunu özündə ehtiva etməyən digər əşyalar üzərinə səcdə düzgün hesab edilmir.
Peyğəmbər (s) və yer üzərinə səcdə

Peyğəmbərin (s) həyat tərzinə diqqət yetirsək görərik ki, o həzrət ibadətlərində yer üzərinə səcdə etmiş və hamıya məhz bu cür səcdəni əmr etmişdir. Əhməd İbni Şüeyb Nəsai Peyğəmbər (s)-in səhabəsi olan Əbu Səid Xidridən nəql edir ki, iki gözümlə gördüm namazdan sonra torpağın izini Peyğəmbərin alnında və bundan əlavə burnunda da, müşahidə etdim. Bu hədisi də, “Sünnəni Nəsai’’ (c. 2, səh.208), “Səhihi Buxari’’, “Sünnəni Əbi Davud’’ kitablarında görə bilərik.
Bəli, bu Allah rəsulunun səcdəsidir. Bizlərə “Mənim yerinə yetirdiyim namazı nə cür görmüsünüzsə, siz də namazınızı məhz o cür yerinə yetirin” – kəlmələrini xitab edən
Peyğəmbərin (s) səcdəsi! Qurani-kərimdə də bizlər üçün belə bir əmr və tövsiyə vardır:
“Həqiqətən Allahın rəsulu (Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün) gözəl nümunədir.”
Digər ayədə isə belə buyurulur:
“Peyğəmbər sizə nə verərsə, onu götürün, nəyi qadağan edərsə, ondan çəkinin.”
Aişədən nəql olunan rəvayətdə belə deyilir:
“Səcdə halında Peyğəmbərin bir vasitə ilə üzünü qoruduğunu görməmişəm.”
Bu hədis də ona dəlalət edir ki, Peyğəmbərin bütün səcdələri “yer” üzərinə olmuş və həzrət heç vaxt üzünü səcdə halında bir vasitə ilə örtməmişdi.
Bir hədisdə belə nəql edilir:
“Peyğəmbər (s) görür ki, bir nəfər (qumun istiliyi alnını yandırmasın deyə, əmmaməsini alnının üstünə çəkərək) əmmaməsinin üzərinə səcdə edir. Peyğəmbər (s) əli ilə həmin şəxsə əmmaməsini qaldırmağı işarə edir və əmr edir ki, alnını yer üzərinə qoysun.”
Mənbə:
- Seyyid Məhəmməd İbrahim əl-müvəhhid əl-qəzvini “Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması”;
