“İslam Tibbi” adlı elm varmı?

Biz burada, oxucularımız üçün çox lokanik şəkildə cavab veririk. Götürək anatomiyanı. Bu elmə misal olaraq, İslam aləmində “Tohidi Müfəzzəl” adı ilə məşhur olan kitabı göstərə bilərik. Kitab İmam Sadiqin (ə) öz səhabəsi Müfəzzələ öyrətdiyi məsələləri ehtiva edir. Kitabda insan orqanları, onların yaradılış hikmətləri barədə söz açılır. Kitab “Tohidi Müfəzzəlin” adlansa da həqiqətdə İmam Sadiqin (ə) tibbidir. Yəni Allahın öyrətdiyi ilahi tibbdir. İlahi tibb, yəni İslam Tibbi.
Möminlərin Əmiri İmam Əlinin (ə) Nəhcül-bəlağəsinin 1-ci xütbəsində insanın ilkin yaradılışı və mizaclarından söhbət açılır. Mizac, yəni insanı təşkil edən ünsürlər. Mizacşünaslığın təbabətdə o qədər mühüm yeri var ki, fərdin mizacını düzgün təyin etmək, onun xəstəliyinin sağalmasının bəlkə də 50 faizidir. İslam tibbini təkzib edənlər Nəhcül-bəlağənin həmin xütbəsini də təkzib edə bilərlərmi? – Demək mizacşünaslıq da İslama aiddir, yəni İslam təbabətinin ana qoludur.
Bəs “İslam təbabət adlı elm yoxdur” deyənlər görəsən sağlam yaşamaq üçün Peyğəmbər (s) və İmamlardan (ə) sağlamlıq tədbirləri barədə gələn yüzlərlə hədisi təkzib edə bilərlərmi? Hətta insan övladının sağ-salim dünyaya gəlməsi, dünya həyatında sağlam və mömin kəs olması üçün, onun binasının “Bismilləhir-Rahmənir-Rahim”lə qoyulması necə, təbabətə aid bir məsələ deyilmi?
Yoxsa xəstənin sağalması üçün Əhli-Beytdən (ə) gələn dualar təbabətə aid deyil?
Bəs ilahi bir möcüzə olan, özü-özlüyündə bir dərmanxana olan “İmam Rza (ə) Cameəsi”nin gözlə görünən minlərcə, yüz minlərcə nəticəsini təkzib edəcəksiniz? Ya İmam Kazimin (ə) buyurduğu immunitet dərmanını? Hansı ki, son pandemiyada dost da, düşmən də bu dərmanı qəbul etdi.
Yaxşı, tibbi hədislərin səhihliyini təzib etdiniz, bəs Quranın şəfa barədə ayələrini necə ? Onlarıdamı təkzib edəcəksiniz? Həkim olan Allah Öz Kitabında balı şəfa olaraq təqdim edir. Demək ki, Qurani Kərimdə də təbabət ayəsi var.
Tək bu deyil, yeyilməsi haram olanlar barədə olan ayələri də misal gətirə bilərik. O ayələr yalnız əhkama aid deyil, eyni dərəcədə, hətta daha çox təbabətə də aiddir. Çünki əhkamda haram edilənlər, elə insanın cismi və ruhi sağlamlığına ziyan olduğu üçün haram edilib.
Biz bu kiçik məqalədə Quran və hədislərdən sadəcə bir neçə misal gətirdik ki, oxuculara aydın olsun ki, Allah insanı yaradıb və onun sağlamlığını təmin etmək üçün dərman və şəfa da təyin edib.
Peyğəmbər (s) dövrundə “İslam Təbabəti”, ya “İslam Tibbi” adlı termini var idimi?
Əziz Peyğəmbərimizin (s) yaşadığı dövrdə, bu gün biz müsəlmanların baş tacı etdiyimiz “İslam fəlsəfəsi”, “İslam məntiqi”, “İslam əhkamı”, “İslam tarixi”, “İslam iqtisadiyyatı”, “İslam hüququ” , “İslam əxlaqı” və s. adlı elmlər mövcud idimi? – Xeyr. Mücahid və əmanətdar alimlər Quran ayələri, Peyğəmbər (s) və Əhli-Beyt imamlarından (ə) nəql edilmiş hədislərdən çıxarışlar edə-edə, hər fənnə aid hədisləri toplayıb müxtəlif elmləri yaratdılar – tibbi hədislər də bu qəbildən. Əgər yuxarıda adı çəkilən elmləri qəbul edirsinizsə, İslam tibbini də qəbul etməlisiniz. Yox əgər İslam tibbini qəbul etmirsinizsə, demək ki, zikr olunan elmləri də qəbul etmirsiniz. Əgər sizin “İslam tibbi”, ya “İslam təbabəti” termini ilə probleminiz varsa, biz sizə başqa alternativ terminlər təqdim edək, buyurun bəyəndiyinizi seçin:
“İlahi tibb”, “Vəhyani tibb”, “Məsumların tibbi”, “Nəbəvi tibb”, “İmamların tibbi” və s. adı dəyişə bilərsiniz, amma mahiyyət əsla dəyişmir. Mahiyyət budur ki, Təbib Allah tibb elmini öz höccətlərinə öyrədib, o həzrətlər də bu ilahi elmi insanlığın ixtiyarında qoyub. Vəssalam!
İslam tibbini kim praktik elmə çevirdi? – Tarixən tibbi hədislərin toplandığı bir çox kitablar yazılıb. Məsələn, “Tibbun-nəbəvi” “Tibbul-əimmə”, , “İmam Sadiqin (ə) tibbi”, “İmam Rzanın (ə) tibbi”, “Tibbi hədislər toplusu” və s. bütün bu kitablar tibbi hədisləri bizə çatdırır.
Amma Ustad Ayətullah Abbas Təbrizyan bənzərsiz bir iş gördü. Bu mücahid alim və təbib, ömrünün 30 ilini sərf edib Əhli-Beytin, insanların sağlamlığı üçün təqdim etdiyi bu möcüzəvi elmi yenidən diriltdi. Başqa sözlə desək, hədisləri praktikaya çevirib onlara həyat verdi.
Ustad Təbrizyan özü danışır ki, mən Nəcəfdə elmi hövzədə tələbə idim. Yeni ailə qurmuşdum. Həyat yoldaşım xərçəng xəstəliyinə tutuldu. Hara apardıq, dedilər ki, artıq gecdir. Hətta iki xarici ölkəyə də apardıq. Cavab eyni idi: “artıq gecdir”. Mən düşündüm ki, ola bilməz ki, islami hədislərdə bu dərdin dərmanı olmasın. Və başladım tibbi hədisləri araşdırmağa. Hədislərdən istifadə edərək məcun düzəltdim. Onu həyat yoldaşım istifadə etdi və bu sağalmaz xəstəlikdən şəfa tapdı. Bizim qohum-əqrəbamız, dost-tanışımız həyat yoldaşımın sağalmaz xəstəliyə tutulduğunu bilirdilər. Onun şəfa tapması dost-tanış arasında yayılanda, digər xəstələr mənə müraciət etməyə başladılar.
Beləcə, Quranın sağlamlıq barədə olan ayələri və tibbi hədislər, Ayətullah Təbrizyanın vasitəsi ilə dirilib real həyata qədəm qoydular və “İslam tibbi” adlı elm meydana gəldi.
Ustad ömrünün 15 ilini yalnız sağlamlıq haqqında olan ayə və hədisləri toplamağa sərf edib, mizacşünaslıq, anatomiya, dua ilə müalicə, dərmandüzəltmə, bitkiləri tanıma, xəstəliklərin qarşısını almaq üçün önləyici tədbirlər və s. bölmələri ehtiva edən 4 cildlik “Tibbur-Rasul (s)” kitabı yazıb. Ustad öz araşdırmalarında 11 000 hədis ələ gətirib. 30 ilin qalan 15 ilini isə dərman düzəltməklə və xəstələri bilavasitə müalicə etməklə ilahi təbabətə nəfəs verib. Həqiqətdə neçə-neçə elmi-təhqiqat institutunun görə biləcəyi işi Ayətullah Təbrizyan – Allahın köməkliyi ilə – təkbaşına görüb.
Özü də İslami və sünnəti tibb üzrə doktor olan Ayətullah Ziyayi deyir ki, Ayətullah Təbrizyan binəzir, yəni tayı-bərabəri olmayan iş görüb.
Təbib: Salihə Kamilzadə.
